Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, 29 sentyabr tarixində Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Ermənistan Azərbaycana qarşı) müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə irəli sürdüyü növbəti iddialar tamamilə əsassız və absurddur.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın iddialardan əl çəkmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qeyd edilən iş üzrə əvvəlki qərarını heçə sayaraq azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılması və təşviqinə yönələn bu yeni iddialar tamamilə qəbuledilməzdir”, - Hacızadə qeyd edib.
XİN-in nümayəndəsinin sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasında olduğu kimi, Beynəlxalq Ədalət Məhkəməsindən də “öz məkrli siyasi gündəliyi üçün sui-istifadə edir”.
“Təkçə 2023-cü il ərzində Ermənistan bu məhkəməyə artıq üçüncü dəfədir müraciət edir. Qeyd edək ki, Ermənistanın yanvar ayında verdiyi üç vəsatətdən ikisi rədd edilib, bir məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib”, - Hacızadə vurğulayıb.
Hacızadə məlumat verib ki, Azərbaycan tərəfi Ermənistanın bu yeni əsassız iddialarına tutarlı cavablarının əks olunduğu mövqeyini aidiyyəti üzrə məhkəməyə təqdim edəcək. **
V.Əliyev