Bakı 2024-cü ilin sonunadək birbaşa xarici borcunu ÜDM-in 7-7,5%-dək azaltmağı planlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 2-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.
“Biz xarici borcumuzu ÜDM-in 10%-nə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5% olacaq”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb, yoxsulluq səviyyəsi təqribən 50%-dən 5,5%-ə enib.
Prezident qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcu 10 dəfə üstələyir, “başqa sözlə, biz bütün borclarımızı bir neçə ay ərzində ödəyə bilərik”.
Əliyev əlavə edib ki, ölkə iqtisadiyyatına sərmayələrin ümumi həcmi (müstəqillik dövründə - İF) $300 milyardı ötür, bunun $190 milyardı qeyri-enerji sektoruna yatırılıb.
“Bu gün müstəqil olduğumuz dövrdə bizim təbii sərvətlərimiz Azərbaycan xalqının mənafeyi naminə istifadə edilib. Müstəqillik dövründə Azərbaycanın dinamik inkişafı onu nümayiş etdirir ki, biz öz sərvətlərimizdən düzgün istifadə etmişik”, - deyən dövlət başçısı bildirib ki, Azərbaycan bu sərvətlərdən güclü iqtisadiyyat qurmaq üçün istifadə edib.*
R.Kərimov