Prezident İlham Əliyev hesab edir ki, Cənubi Qafqazda sülh dövrü başlaya bilər.
“Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik. Bu, bizim fikrimizdir. Əməkdaşlıq, birgə mənfəət götürülməsi, qarşılıqlı fayda – bu gün biz bunların hamısını nümayiş etdiririk”, - deyə dövlət başçısı oktyabrın 2-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz səyləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilib.
“Üç il əvvəl (2020-ci ilin payızında – İF-Az) biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. 28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdik, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdik. Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”, - deyə prezident qeyd edib.
Əliyev vurğulayıb ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmə təcrübəsi çox misilsiz və unikal bir hadisədir. “Biz münaqişəyə son qoyduq. O münaqişənin həll edilməsi nəticəsində biz ləyaqətimizi qoruduq, beynəlxalq hüququ bərpa etdik”, - deyə o əlavə edib.
Prezident təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qoşunlarının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”, - deyə dövlət başçısı bildirib.*
B.Rüstəmbəyov