Azərbaycan hökumətinin nümayəndəsi İrana səfər etməyi planlaşdırır. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nəsir Kənani bu gün məlumat verib.
“Kənani Azərbaycan nümayəndəsinin İrana səfər etmək niyyətində olduğunu və səfərin tarixinin yaxın vaxtlarda açıqlanacağını bildirib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi İRNA-ya istinadən bildirir.
İran XİN-in nümayəndəsi planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlərlə bağlı ikitərəfli müzakirələrin aparıldığını deyib və qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Cənubi Qafqazda baş verən proseslər bunların arasında əsas yer tutur.
Kənani, həmçinin bildirib ki, İran Azərbaycanın Qarabağ bölgəsinə tam nəzarəti bərpa etməsini dəstəkləyir. Bununla yanaşı, o, bir daha diqqətə çatdırıb ki, Tehran sərhədlərin və regionun geosiyasi statusunun hər hansı dəyişməsinə qarşıdır.
“İran Qafqazın problemlərinin həlli üçün əlindən gələni etməyə hazırdır”, - deyə İran XİN-in nümayəndəsi əlavə edib.
O qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri Tehranın “Cənubi Qafqazdakı münaqişələrin həllinə öz nöqteyi-nəzərini ifadə etmək” üçün fürsət oldu.*
R.Kərimov