Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair planın əsas istiqamətlərini dərc edib.
Prezident Administrasiyasının məlumatına görə, plan 5 istiqamətdə fəaliyyəti özündə ehtiva edir: hüquqi və idarəetmə sahəsi; təhlükəsizlik sahəsi; iqtisadi sahə; sosial sahə; mədəniyyət, təhsil və din sahəsi.
Hüquqi və idarəetmə sahəsi çərçivəsində erməni sakinlərin yaşadıqları ərazilərdə idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq prosedurlar əsasında həyata keçirilir.
Təhlükəsizlik sahəsi çərçivəsində tərk-silah və tərxis prosesi başa çatdırılır, bütün silahlar sakinlərdən yığılır. Azərbaycan Respublikasının daxili işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.
İqtisadi sahədə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
Sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur. Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.
Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir. Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
Sosial sahə çərçivəsində sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur. Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilir. Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.
Mədəniyyət, təhsil və din sahəsi çərçivəsində sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir. Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır.
“Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək”, - deyə Prezident Administrasiyasından vurğulanıb.*
B.Rüstəmbəyov