Xankəndidə Rusiya-Azərbaycan patrulu snayperlə vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“Atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Xankəndi şəhərində Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayperlə vurulub. Xəsarət alan yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyinin Qarabağdakı sülhməramlı kontingentin fəaliyyətinə dair bülletenində bildirilir.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfinin nümayəndələri və yerli ermənilərlə faktla bağlı araşdırma aparır.
Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsi məqsədilə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib.
“Oktyabrın 2-dək 76 ədəd zirehli texnika, 92 ədəd avtomobil texnikası, 111 ədəd hava hücumundan müdafiə vasitəsi, 95 ədəd səhra artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 6,3 min ədddən çox atıcı silah və tank əleyhinə vasitə, 14,4 milyon ədədə yaxın döyüş sursatı təhvil verilib”, - deyə bülletendə qeyd olunur.*