Kremldə bəyan ediblər ki, Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi ilə əlaqədar Moskvanın İrəvana yeni sualları olacaq.
“Əlbəttə, bizim Ermənistanın indiki rəhbərliyinə əlavə suallarımız olacaq”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsinə münasibət bildirərkən deyib.
Kremlin nümayəndəsi Ermənistanın Roma Statutuna qoşulmasının yanlış addım olduğunu söyləyib. “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər baxımından yanlış qərardır”, - deyə Peskov qeyd edib.
O, həmçinin deyib ki, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Roma Statutuna qoşulması qərarını ölkənin təhlükəsizliyi üçün KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığının yetərli olmaması ilə əsaslandırması ilə qətiyyən razılaşmır.
“Bu, belə deyil və düşünürəm ki, Ermənistanda əksəriyyət anlayır ki, KTMT mexanizmləri və Ermənistan-Rusiya tərəfdaşlığı hazırda tamamilə əvəzolunmazdır. Biz əminik ki, Ermənistanın bu vasitələrdən yaxşı heç nəyi yoxdur”, - deyə Peskov bildirib.
“Ermənistanın Roma Statutuna qoşulması Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərlərdən imtina etməsi deməkdirmi” sualına dövlət başçısının mətbuat katibi belə cavab verib: “Əlbəttə, biz istəməzdik ki, prezident nə vaxtsa hansısa səbəblərdən Ermənistana səfərdən imtina etməli olsun”.