“GL” ASC 3 milyon 25 min manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır.
Mərkəzi Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, “GL” ASC bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 3,025 min ədəd istiqraz buraxmağı planlaşdırır.
İstiqrazların tədavül müddəti 5 ildir.
Emissiya 6 tranşla həyata keçiriləcək: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
Kupon faizlərinin ödəniş müddəti 30 gündən bir təşkil edir.
“GL” istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri fəaliyyətinin genişləndirilməsinə, o cümlədən bölgələrdə yeni filialların açılmasına, qısamüddətli kreditlərin verilməsinə, lombard əməliyyatları üzrə şərtlərin sadələşdirilməsinə yönəltməyi planlaşdırır.
Emissiyanın anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti”dir.
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib. 2023-cü ilin 6 ayının yekunları üzrə şirkətin xalis mənfəəti 2,2 milyon manat məbləğində qiymətləndirilir.*
X.Nəsirzadə