2023-cü ilin birinci yarısında Azərbaycanın bank sektoru üzrə məcmu kapitalın həcmi 6.5% artıb, kapital adekvatlığı əmsalı (CAR) isə 18.5%-dək azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə Mərkəzi Bankın (AMB) 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.
“2023-cü ilin ilk altı ayı ərzində bank sektoru üzrə məcmu kapitalın həcmi 6.5% (336 milyon manat) artaraq 5,537 milyard manat təşkil edib. Sektor üzrə kapital adekvatlığı əmsalı isə 0.8 f.b. azalaraq 18.5% təşkil edib ki, bu da risk üzrə ölçülmüş aktivlərin (RÖA) dövr ərzində daha sürətlə artması hesabına baş verib”, - deyə AMB qeyd edir.
Məcmu kapital artımının əsas drayveri kimi I dərəcəli kapitalın artımı çıxış edib. I dərəcəli kapital cari ilin ilk yarısı ərzində 14.9% və ya 612 milyon manat artaraq 4,71 milyard manat təşkil edib.
“Kapital artımı əsasən bankların daxili mənfəət generasiyası hesabına baş verib. Belə ki, yüksək keyfiyyətli hesab olunan I dərəcəli kapitalın həcmi əsasən ötən ilin mənfəətinin bölüşdürülməmiş xalis mənfəətə yönəlməsi hesabına artıb. Eyni zamanda, 1 bank tərəfindən 55 milyon manat həcmində kapitala inyeksiya edilib”, - deyə məlumatda bildirilir.
Bununla yanaşı, cəmi aktivlərin 4% (1.8 milyard manat) azalması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 11.2% (3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti son 6 ay ərzində 9 f.b. artaraq 66%-ə çatıb. “2021-ci ildən etibarən prudensial tələblərin sərtləşdirilərək daha riskli hesab edilən istehlak kreditləri üzrə RÖA tələblərinin artırılması və RÖA hesablanmasına əməliyyat və bazar risklərinin də daxil edilməsi risk üzrə ölçülmüş aktivlərin artımını şərtləndirib. RÖA-larin böyük hissəsi (90%) kredit riskləri hesabına formalaşıb”, - deyə AMB vurğulayıb.*
X.Nəsirzadə