2023-cü ilin birinci yarısında Azərbaycan banklarının istehlak kreditləri portfeli 9.9% və ya 571 milyon manat artaraq 6.3 milyard manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatına əsasən, istehlak kreditləşməsi üzrə requlyativ çərçivənin sərtləşdirilməsi nəticəsində cari ildə istehlak portfelinin artım dinamikasında azalma meyilləri nəzərə çarpıb (tənzimləyici çərçivəyə dəyişikliklərdən öncə istehlak portfeli üzrə orta aylıq artım tempi 2.3%, qaydalara dəyişiklikdən sonra 1.6% olub).
Biznes kreditləri üzrə artım tempi ilin II rübündə sürətlənib.
İpoteka portfelinin artım tempi sabit olaraq qalıb. Kreditləşmənin bütün seqmentləri üzrə müsbət dinamika müşahidə edilir.
2023-cü ilin birinci yarısında biznes kreditləri 7.3% (795 milyon manat) artaraq 11.7 milyard manat təşkil edib. 2023-cü ilin sonuna bankların kredit portfelinin strukturunda 55% biznes kreditlərinin payına düşür.
AMB hesab edir ki, biznes portfelinin artımında əsas drayver ticarət və nəqliyyat sektorları olub ki, ötən ilin sonu ilə müqayisədə bu sahələrdə müvafiq olaraq 14% (401 milyon manat) və 30% (223 milyon manat) artıb. Belə ki, qeyd olunan bu iki sahə üzrə artım biznes portfeli üzrə cəmi artımın 78.5%-ni təşkil edib.
Sənaye, informasiya və kənd təsərrüfatı sahələri üzrə kredit portfeli müvafiq olaraq 144 milyon manat, 95 milyon manat və 79 milyon manat artıb, tikinti və xidmət sektoru üzrə isə kredit portfeli müvafiq olaraq 60 milyon manat və 88 milyon manat azalıb.
Hesabat dövrü ərzində ipoteka portfeli 11.3% (336 milyon manat) artaraq 3.3 milyard manata çatıb. İpoteka krediti portfeli üzrə artımın 45%-i (150 milyon manat) dövlət vəsaiti hesabına verilən kreditlər, 55%-i (186 milyon manat) isə bankların daxili vəsaiti hesabına formalaşıb.
Cari ilin birinci yarımilində mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlərin həcmi 10.5% (0.6 milyard manat) artaraq 6.3 milyard manata çatıb. Nəticədə MKOS-lara verilmiş kreditlərin biznes portfelində payı 54%-ə çatıb. MKOS subyektləri üzrə standartların yumşaldılması MKOS subyektləri üzrə verilən kreditlərin portfeldə payının artmasına səbəb olan əsas amillərdən biri olub.
AMB-nin məlumatına görə, bankların öz vəsaitləri hesabına MKOS subyektlərini maliyyələşdirməsi artmaqda davam edir. Belə ki, 2022-ci ilin sonundan cari ilin iyun ayının sonuna qədər bankların öz vəsaiti hesabına verilmiş kreditlərin həcmi 13% (656 milyon manat) artaraq 5.7 milyard manata çatıb. Nəticədə bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 1 f.b. artaraq 90% olub.
AMB-dən vurğulanıb ki, 2023-ci ilin I yarısında bank sisteminin kredit portfeli 8.7% (1.7 milyard manat) artaraq 21.3 milyard manat olub. İqtisadi aktivliyin illik artım tempinin azalmasına baxmayaraq, kreditləşmənin illik dinamikası sabit qalıb.*
X.Nəsirzadə