Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
“Telefon danışığı əsnasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”, - deyə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Brüssel prosesini dəstəkləyir. Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.
Öz növbəsində, Əliyev Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.
Prezident mərkəzi hökumət tərəfindən Qarabağın erməni sakinlərinə göstərilən humanitar yardımları qeyd edib, miqrasiya, sosial müdafiə sahələri ilə bağlı yerində erməni sakinlərə xidmətlər göstərildiyini deyib, müvafiq qeydiyyat proseslərinin başladığını və bunun üçün də ayrıca portalın müəyyən edildiyini bildirib.
Əliyev Azərbaycanın bu sahədə təmin etdiyi şəffaflığın nümayişi olaraq, BMT-nin ölkəmizdəki rezident-əlaqələndirici ofisinin və BMT-nin ixtisaslaşmış təsisatlarının nümayəndələrindən ibarət qrupun əraziyə səfər etdiklərini bildirib, onların da mülki əhaliyə və mülki-ictimai infrastruktura heç bir ziyanın qeydə alınmadığı ilə bağlı müvafiq bəyanatla çıxış etdiklərini diqqətə çatdırıb.
Telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.*
R.Kərimov