2023-cü ilin I yarısının sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 milyard 879 milyon manat məbləğində qiymətləndirilir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 17,9% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Mərkəzi Bankın (AMB) 2023-cü ilin yanvar-iyun ayları üzrə Maliyyə sabitliyi hesabatına əsasən, artım, həmçinin sığortaçıların qiymətli kağızlara investisiyalarının artması (125.1 milyon manat) hesabına baş verib.
AMB-nin məlumatına görə, 2023-cü il iyunun 30-na sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artaraq 1 milyard 404 milyon manata çatıb (2022-ci ilin sonuna olan göstəricidən 10,7% çox).
İnvestisiyaların əsas hissəsi - 757 milyon manat (+19,8%) dövlət qiymətli kağızlarına, 411 milyon manat (-5%) banklardakı vəsaitlərə investisiya qoyuluşunun payına düşüb.
AMB qeyd edir ki, 2023-cü ilin yanvar-iyun aylarının yekunları üzrə həyat sığortası seqmentində fəaliyyət göstərən sığorta şirkətlərinin (5 şirkət) xalis mənfəəti 46 milyon manat (2022-ci ilin 6 ayının göstəricisi ilə müqayisədə +35%), qeyri-həyat sığortası seqmentində fəaliyyət göstərən şirkətlərin (14 şirkət) xalis mənfəəti isə 32 milyon manat (+58%) təşkil edib.
2023-cü ilin I yarısında toplanmış sığorta haqları 32% artaraq 649 milyon manata, sığorta ödənişləri isə 29% artaraq 225 milyon manata çatıb.
Yarımil ərzində adambaşına düşən sığorta haqları 32.3% artaraq 127 manat, sığorta ödənişləri isə 25.7% artaraq 44 manat olub.
2023-cü ilin 6 ayının yekunları üzrə sığorta sektorunun penetrasiyası 1,1% (2022-ci ilin 6 ayının yekunları üzrə 0,8%) təşkil edib.*
R.Əhmədov