ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel sentyabrın 17-də Türkiyədə ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağa dair üçtərəfli görüşünün keçirilməsi ilə bağlı KİV-lərin yaydığı məlumatı təsdiq edib.
Çərşənbə günü keçirilən brifinqdə görüşün gizli olmadığını deyən Patel qeyd edib ki, bu, işçi səviyyədə görüş olub, tərəflər təxirəsalınmaz humanitar problemləri həll etmək və mümkün humanitar yardım göstərmək üçün toplaşıblar.
"Bu görüş də məhz buna həsr olunub. Biz əvvəlki kimi Cənubi Qafqazda sabit sülhə nail olmaq üçün tərəflərə kömək etməyə çalışırıq", - deyə o bildirib.
Daha əvvəl "Politico" qəzeti yazmışdı ki, Aİ, ABŞ və Rusiya nümayəndələri sentyabrın 17-də Türkiyədə Qarabağla bağlı görüşüblər.
Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məlumatı təsdiqləyib. Bununla belə, o qeyd edib ki, bu görüşlə bağlı təqdim edilən təfərrüatlar həqiqətə uyğun deyil.*
R.Kərimov