Dünya Bankı (DB) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 1,5% səviyyəsində proqnozlaşdırır.
Apreldə DB cari il üçün Azərbaycanda iqtisadi artımı 2,2% səviyyəsində proqnozlaşdırmışdı.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bankın Avropa və Mərkəzi Asiya regionu üzrə oktyabr hesabatına əsasən, 2024-cü ildə Azərbaycanda ÜDM 2,4% (aprel proqnozu - 2,5%), 2025-ci ildə 2,5% (aprel proqnozu – 2,6%) artacaq.
Beləliklə, DB 2023-2025-ci illərdə ölkə üzrə ÜDM-in orta illik artım tempinin 2,1%-dək təşkil edəcəyini proqnozlaşdırır.
“Neft hasilatının gözlənilən azalması və qeyri-neft/qaz sektorunda orta artım tempi ilə əlaqədar 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 1,5% səviyyəsində gözlənilir”, - deyə DB vurğulayır.
DB-nin qiymətləndirmələrinə görə, cari ildə Azərbaycanda orta illik inflyasiya 9%-dək (2022-ci ildə 13,9%), 2024-cü ildə 5,8%-dək, 2025-ci ildə 5,2%-dək azalacaq.
“Proqnozlara görə, 2023-cü ildə inflyasiya 9%-dək azalacaq, belə ki, ərzaq qiymətlərinin ucuzlaşması davam edəcək. Bununla belə, inflyasiya Mərkəzi Bankın müəyyən etdiyi yuxarı diapazondan (8% - İF) yüksək olacaq. 2024-cü ilin sonuna inflyasiyanın AMB-nin 4+/–2% hədəf intervalına qayıdacağı gözlənilir”, – deyə DB vurğulayır.
DB 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 14,6%-i (2022-ci ildə ÜDM-in 26,5%-i), 2024-cü ildə ÜDM-in 13,5%-i, 2025-ci ildə isə ÜDM-in 13%-i səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü il üçün proqnoz 5,3%, 2025-ci il üçün 4,9% təşkil edir.*
A.Əzizov