Qondarma “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidentləri” Arkadi Qukasyan, Bako Sahakyan və Qarabağdakı separatçı rejimin “parlamentinin sabiq sədri” Davit İşxanyana Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 7 maddəsi ilə ittiham elan edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qukasyan, Sahakyan və İşxanyana Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilib.
Onların hər üçü həbs olunub (4 ay müddətinə - İF).
Araşdırmalar zamanı Qukasyan, Sahakyan və İşxanyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi,mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilib.*
B.Rüstəmbəyov