Azərbaycan Rusiyaya Qarabağdakı sülhməramlıların statusunu ikitərəfli əsasda razılaşdırmağı təklif edib, Ermənistan bu təkliflə razılaşıb. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Onlar (Ermənistan rəhbərliyi - İF) Praqada (2022-ci ildə Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə aparılmış danışıqlar zamanı - İF) Qarabağın Azərbaycana məxsus olduğunu tanıdılar. Sonra isə 2023-cü ilin əvvəlində Brüsseldə analoji görüşdə bunu təkrar bəyan etdilər. Bizə bu barədə heç kim deməmişdi. Mən şəxsən bunu mətbuatdan öyrəndim. (...) Ermənistanın mövqeyi keyfiyyətdə dəyişikliyə uğradı. Bundan sonra Prezident Əliyev görüşlərin birində mənə dedi ki, “Görürsünüz, hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”. Bilirsiniz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra hətta sülhməramlılarımızın da statusu keyfiyyətdə dəyişikliyə uğradı. O (Əliyev - İF) deyir: “Sizin hərbçiləriniz bizim ərazimizdə yerləşir. Gəlin, indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq”. Baş nazir Paşinyan da bunu təsdiq etdi: “Bəli, siz indi ikitərəfli əsasda razılaşmalısınız”, - deyə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib.*