Azərbaycanın Laçın yolundakı fəaliyyəti Qarabağın statusunun dəyişməsindən sonra qaçılmaz idi. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Yaxın keçmişdə, iki-üç həftə bundan əvvəl baş verən hər şey və Laçın dəhlizinin bağlanması Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz idi. Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı yalnız zaman məsələsi idi”, - deyə o, bu gün “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı söyləyib.
“Buna necə reaksiya vermək olar? Ermənistan tanıyıb (Azərbaycanın Qarabağ üzərində suverenliyini), bəs biz nə etməliyik? Tanımamalıyıq? Bu ki cəfəngiyatdır”, - deyə Rusiya lideri bildirib.
Putin vurğulayıb ki, bu məsələ ilə bağlı müzakirənin nüansları barədə danışmaq istəməzdi, lakin son günlərdə və son həftələrdə baş verənlər “Praqada və Brüsseldə görülən işlərin qaçılmaz nəticəsi idi” (Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Azərbaycan Prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla danışıqları).
“Ona görə də cənab Mişel və onun həmkarları Ermənistan baş naziri Paşinyanı belə addıma getməyə razı salanda bunu düşünməli idilər, Qarabağ ermənilərinin taleyi haqqında düşünməli idilər. Heç olmasa nəsə qeyd etməli idilər, onları (Qarabağ ermənilərini - İF) bu vəziyyətdə nə gözləyir”, - deyə o vurğulayıb.*