Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanın “Qarabağı “təslim etmək” məqsədilə xarici qüvvələr tərəfindən hakimiyyətə gətirilməsi fikri ilə razılaşmayıb.
“Mən baş nazir Paşinyanın Qarabağı təslim etmək üçün kimsə tərəfindən hakimiyyətə gətirilməsi fikri ilə razılaşa bilmərəm”, - deyə o, Soçidə “Valday” klubunun iclasında bildirib.
RF Prezidentinin sözlərinə görə, “bu, erməni xalqının seçimi idi”.
Putin Paşinyanın Qarabağı təslim etməyə çalışması tezisi ilə bağlı isə deyib: “Mən bununla da razı deyiləm. Onunla sıx ünsiyyətdə olmuşam. 2020-ci ildə bu münaqişə dövründə (44 günlük müharibə - İF) və daha əvvəl. Gəlin xatırlayaq ki, o, hakimiyyətə gələndə deyib: “Qarabağ Ermənistanın bir hissəsidir”, ondan əvvəl heç kim bunu deməyib”.
“Doğrudur, sonra onun mövqeyi əsaslı surətdə dəyişdi”, - deyə Putin qeyd edib.
O hesab edir ki, Ermənistanın baş naziri 2020-ci il müharibəsi zamanı “səmimi şəkildə (Qarabağı - İF) saxlamağa çalışıb”.
“Ancaq onun Qarabağı məqsədyönlü şəkildə təslim etdiyini demək ədalətsizlikdir”, - deyə Putin əlavə edib.*