“KREDAQRO” BOKT 2 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
İstiqrazların emissiyası ilə bağlı qərar BOKT-un yeganə təsisçisi olan “Aqromostfinans” şirkəti (RF) tərəfindən 2023-cü ilin avqust ayında qəbul olunub.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 100 manat olan 20 min ədəd istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi 14%-dir (kupon faizlərinin ödənişi 90 gündən bir həyata keçiriləcək).
İstiqrazların yerləşdirilməsi hər biri 500 min manat olmaqla 4 tranşla həyata keçiriləcək.
“KREDAQRO” istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitləri mikrokreditləşmə üzrə əməliyyatların genişləndirilməsinə yönəldəcək.
“KREDAQRO” BOKT 2000-ci il avqust ayının 28-də dövlət qeydiyyatına alınıb və riteyl və mikrobiznesin kreditləşdirilməsi seqmentində fəaliyyət göstərir. Cəmiyyətin nizamnamə kapitalı 452,3 min manat təşkil edir.
2022-ci ilin sonuna “KREDAQRO” BOKT-un aktivləri 8,9 milyon manata, kredit portfeli 5,9 milyon manata, öhdəlikləri 3,9 milyon manata, kapitalı 4,9 milyon manata bərabərdir. 2022-ci ildə BOKT-un xalis mənfəəti 284 min manat təşkil edib.*
R.Əhmədov