Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.
İqtisadi sahədə əlaqələrə toxunan prezident investisiya, enerji, sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini deyib. Dövlət başçısı münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də önəmini qeyd edib. Əliyev Orliçin səfərinin dinamik şəkildə inkişaf edən əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Öz növbəsində, Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu deyib.
“Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini dəstəklədikləri qeyd edilib”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov