Oktyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnaməsinə cavab olaraq bəyanat qəbul edib.
“Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş bəyanatın mətnində bildirilir.
“Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. “Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun”, - deyə bəyanatda qeyd olunur.
Sözügedən qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanmışdır. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir.
Bakı hesab edir ki, Avropa Parlamentinin belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir.
“Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif regionlarında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cənubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartması və keçmiş münaqişəyə dini təəssübkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür”, - deyə bəyanatda vurğulanır.*
B.Rüstəmbəyov