Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Görüşdə Əliyev vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən (2023-cü ilin aprel ayında – İF) Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib.
Prezident Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub.
Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.
O, Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin yerlərdə xidmət göstərdiklərini, əhalinin qeydiyyata alınması prosesinin başlandığını, bunun üçün ayrıca portalın fəaliyyət göstərdiyini bildirib, gündəlik ehtiyacların ödənilməsi və qida təchizatı üçün aidiyyəti qurumların yerində xidmət apardıqlarını deyib.
Dövlət başçısı ərazidə mühüm infrastruktur obyektlərinin, eləcə də tarixi, dini və mədəni abidələrin polis tərəfindən mühafizə olunduğunu, elektrik təchizatının həyata keçirildiyini bildirib.
Əliyev vurğulayıb ki, bütün bunlar Qarabağın erməni sakinlərinin reinteqrasiyası proqramının hazır olmasının və həyata keçirilməsinin göstəricisidir.
“Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə ərazilərə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub”, - deyə məlumatda vurğulanır.*
B.Rüstəmbəyov