Oktyabrın 6-da Masallıda ticarət mərkəzində baş vermiş yanğın faktı ilə bağlı cinayət işi başlanıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər veriri ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
Yanğın “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində baş verib.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.
“Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.
Yanğının səbəbinin və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki, məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.*
X.Nəsirzadə