Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.
Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edilib.
Tərəflər Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar veriblər.
Görüşdə, həmçinin “Xudafərin”, “Qız qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Danışıqların yekunları üzrə aşağıdakı sənədlər imzalanıb: İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu; Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.*
X.Nəsirzadə