Prezident İlham Əliyev bəyan edib ki, Bakı Gürcüstanda Ermənistan nümayəndələri ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparmağa hazırdır, ancaq bunun üçün İrəvanın razılığı olmalıdır.
“Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi”, - deyə dövlət başçısı oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə baş nazir Qaribaşviliyə minnətdarlığını bildirən Əliyev qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik”.
Onun sözlərinə görə, əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal Azərbaycanın aidiyyəti qurumlarının rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər.*
V.Əliyev