Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.
“Biz burada - Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”, - deyə o, oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
Baş nazir, həmçinin qeyd edib: “Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.
“Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün”, - deyə Qaribaşvili əlavə edib.*
V.Əliyev