Dağıstanda Yaraq-Qazmalar avtomobil keçid məntəqəsinin yenidən qurulması çərçivəsində Azərbaycanla sərhəddə yük nəqliyyat vasitələri üçün beş yeni zolaq üzrə hərəkətə başlanılıb.
"Bu zolaqlar nəzərə alınmaqla, ümumilikdə keçid məntəqəsində hazırda 16 hərəkət zolağı (yük maşınları üçün 10, minik nəqliyyatı üçün 6) modernləşdirilib. Hazırda Azərbaycanla minik əlaqəsi mövcud covid məhdudiyyətlərinə görə dayandırıldığına görə nəqliyyatın hərəkəti yalnız yük vasitəsilə həyata keçirilir”, - “İnterfaks-Azərbaycan” RF Nəqliyyat Nazirliyinin press-relizindən sitat gətirir.
Nazirliyin məlumatına görə, yenidənqurma işlərindən əvvəl ağır yük maşınları üçün 5 zolaq nəzərdə tutulmuşdu, hazırda bu say iki dəfə artıb.
"Aparılan işlər keçid məntəqəsinin girişində növbələrin aradan qaldırılmasına imkan verdi. Sərhəd keçidinin qurulması başa çatmaqdadıq, tikinti hazırlığı 88% təşkil edir. Layihə çərçivəsində 30-a yaxın bina və tikili inşa edilib və yenidən qurulub. Hazırda avadanlıqların quraşdırılması və ərazinin abadlaşdırılması işləri aparılır", - məlumatda deyilir.
Nazirlik qeyd edir ki, yenidənqurma işlərindən sonra keçid məntəqəsində 22 hərəkət zolağı (yük maşınları üçün 10, minik maşınları üçün 10 və avtobuslar üçün 2) fəaliyyət göstərəcək ki, bu da modernləşdirmə başlamazdan öncə təxminən 2 dəfə çoxdur. Yaraq-Qazmaların ötürmə qabiliyyəti 3,5 dəfə artaraq gündə 1,4 min nəqliyyat vasitəsinə çatacaq.
İnfrastrukturun modernləşdirilməsi sərhəddən keçid üçün rahat şəraiti təmin edəcək və «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin inkişafına təkan verəcək.
Daha öncə “İnterfaks-Azərbaycan» məlumat verib ki, Rusiya tərəfi 2027-ci ilin sonuna qədər «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin istiqamətinə daxil olan bir sıra sərhəd keçidlərinin modernləşdirilməsini planlaşdırıb. Bunlar həm dəniz, həm dəmiryol, həm də avtomobil keçid məntəqələridir (onların arasında Yuxarı Lars, Novo-Filya, Tağirkent-Qazmalar, Qarauzek, Maxaçqala, Dərbənd). BND infrastrukturunun inkişafı ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, nəqliyyat-logistika sisteminin optimallaşdırılmasına, yeni infrastruktur marşrutlarının yaradılmasına və Azərbaycan, İran, Hindistan və Cənubi Asiya və Fars Körfəzinin digər ölkələrinə yük daşımalarının həcminin artırılmasına yardım edəcək. **
N.Abbasova