Maliyyə axınlarının göstəriciləri 2023-cü ilin III rübündə iqtisadi aktivliyin artım tendensiyasının saxlanıldığını göstərir, bununla belə, bu templər 2018-2022-ci illərlə müqayisədə yüksəkdir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) dərc etdiyi 2023-cü ilin III rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabatında deyilir.
Qiymətləndirmələr maliyyə axınları ilə ÜDM arasında korrelyasiyanın yüksək olduğunu göstərir.
AMB-nin məlumatına görə, 2023-cü ilin III rübündə maliyyə axınları 2022-ci ilin iyul-sentyabr aylarına olan 28 milyard 334 milyon manata qarşı 36 milyard 924 milyon manat (I rübdə 19 milyard 247,4 milyon manat, II rübdə 29 milyard 187,7 milyon manat), artım 30,3% təşkil edib.
Təhlilə əsasən, 2023-cü ilin III rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.6%), tikinti (14.9%) və topdan və pərakəndə ticarət (13.6%) olub.
İyul-sentyabr aylarında ödəniş daxilolmaları üzrə ən çox artım peşə, elmi və texniki fəaliyyət (1 milyard 520 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə artım 78,3% və ya 668 milyon manat) və elektrik enerjisi, qaz və buxar təchizatı sahələrində (1 milyard 397 milyon manat, artım 62,7% və ya 539 milyon manat) olub.
Sahələrarası maliyyə axınlarının dinamikasına gəlincə, AMB qeyd edir ki, 2023-cü ilin III rübündə dövlət idarəetməsi və müdafiə sahəsi üzrə daxilolmalar 11 milyard 315 milyon manat (+27%), tikinti sektoru üzrə 5 milyard 500 milyon manat (artım 56,1%), topdan və pərakəndə ticarət sektoru üzrə 5 milyard 31 milyon manat (artım 11,2%), emal sənayesi üzrə 2 milyard 807 milyon manat (+9,5%), mədənçıxarma sənayesi üzrə 2 milyard 464 milyon manat (+8,5%), nəqliyyat və anbar təsərrüfatı üzrə 1 milyard 862 milyon manat (artım 61,6%) təşkil edib.
AMB qeyd edir ki, III rübdə ticari sektorda ödəniş daxilolmaları ümumi daxilolmaların 19.4%-ni təşkil etməklə 7 milyard 200 milyon manat, qeyri-ticari sektorda isə 80.6% təşkil etməklə 29 milyard 700 milyon manat olub.
Bütövlükdə, ötən rüblə müqayisədə cari ilin üçüncü rübündə ticari sektor üzrə iqtisadi aktivlik indeksində azalma, qeyri-ticari sektor üzrə isə artım dinamikası müşahidə edilib.*
X.Nəsirzadə