Azərbaycanın nəqliyyat-logistika infrastrukturu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bütün ölkələri üçün açıqdır. Bunu Prezident İlham Əliyev deyib.
“Azərbaycan, eyni zamanda, etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik”, - deyə dövlət başçısı bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
O qeyd edib ki, İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Prezident əlavə edib ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. “İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır”, - deyə Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov