2023-cü ilin 9 ayı ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına müdaxilələr çərçivəsində $566 milyon, o cümlədən sentyabrda $444 milyon məbləğində xarici valyuta alıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov deyib.
“Biz valyuta bazarında təklifin tələbi üstələdiyini müşahidə edirik. Nəticədə AMB-nin valyuta bazarında həyata keçirdiyi əməliyyatlar xarici valyuta alışına yönəldilib. Xüsusilə ilin əvvəlindən (9 ay ərzində – İF) belə əməliyyatların həcmi $566 milyon, o cümlədən sentyabr ayında $444 milyon təşkil edib”, – deyə Kazımov AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti valyuta bazarında sabitliyə təsir göstərir.
Kazımov qeyd edib ki, 2023-cü ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatlarının artımı müşahidə olunur. “Avqustun sonuna Azərbaycanın valyuta ehtiyatları $67,5 milyard məbləğində qiymətləndirilir və ilin əvvəlindən 14,9% artıb. Avqustun sonuna AMB-nin valyuta ehtiyatları $9,4 milyard məbləğində qiymətləndirilir”, - deyə Mərkəzi Bankın sədri əlavə edib.
Xəbər verildiyi kimi, AMB 2022-ci ildə valyuta bazarına müdaxilələr çərçivəsində $2 milyard 48 milyon alıb ki, bu da 2021-ci illə müqayisədə 8,3 dəfə çoxdur.*
A.Əzizov