Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin yekunları üzrə illik (12 aylıq) inflyasiyanı 6% civarında proqnozlaşdırır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu AMB sədri Taleh Kazımov deyib.
2022-ci ilin yekunları üzrə illik inflyasiya 14,4%, orta illik inflyasiya isə 13,9% təşkil edib.
“Mərkəzi Bankın əsas məqsədi inflyasiyanın idarə edilməsidir. Bu gün avqust rəqəmlərinə əsasən illik inflyasiya 8% təşkil edir. Proqnozlarımız onu göstərir ki, bu ilin sonuna kimi inflyasiya 6% civarında olacaq”, - deyə Kazımov AzTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, AMB-nin məqsədi inflyasiyanı 4%+/-2%, yəni 2-6% intervalında saxlamaqdır.
“Hesab edirik ki, bu hədəf iqtisadiyyatımızın inkişafı üçün çox vacibdir”, - deyə AMB sədri qeyd edib.
İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə inflyasiyanı 9,5% səviyyəsində proqnozlaşdırır.*
X.Nəsirzadə