Azərbaycan və Rusiya Təhlükəsizlik şuralarının katibləri Ramil Usubov və Nikolay Patruşev Bakıda keçirilən görüşdə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Bu barədə RF Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
“Rusiya ilə Azərbaycan arasında qlobal və regional təhlükəsizlik sahəsində, o cümlədən Cənubi Qafqazda əməkdaşlıqla bağlı aktual məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Patruşev və Usubov Rusiya və Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları arasında əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetiriblər.
“Ticarət-iqtisadi əlaqələrin və mədəni-humanitar dialoqun inkişafı ilə bağlı mövzulara toxunulub”, - deyə məlumatda qeyd olunur.
Patruşev və Usubov çərşənbə axşamı Bakıda iki ölkənin Təhlükəsizlik şuraları, nazirlikləri və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təhlükəsizlik məsələləri ilə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələrinə yekun vurublar.
“Danışıqların sonunda tərəflər Rusiya-Azərbaycan münasibətlərinin çoxəsrlik dostluq ənənələrinə, ümumi tarixə və mədəniyyətə əsaslandığını vurğulayıblar. Həmsöhbətlər dövlət başçıları Vladimir Putin və İlham Əliyev tərəfindən 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin icrası məqsədilə bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi niyyətini təsdiq ediblər”, - deyə mətbuat xidmətinin məlumatında bildirilir.*