Rusiya sülhməramlı kontingentinin Qarabağ regionunda gələcəkdə qalması məsələsi Moskva və Bakı arasında müzakirə ediləcək. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
«Onların (sülhməramlıların - İF) gələcəkdə qalma rejiminə və bütün əlaqədar modallıqlara gəldikdə, əlbəttə ki, bu, Azərbaycan tərəfi ilə müzakirə ediləcək», - Peskov jurnalistlərin müvafiq sualına cavabında bildirib.
Kremlin nümayəndəsi eyni zamanda qeyd edib: «Əlbəttə ki, biz erməni dostlarımızla da təmasları davam etdirəcəyik».
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəkləri təqdirdə Ermənistana dislokasiya oluna bilməyəcəkləri və Rusiya qayıtmalı olacaqları ilə bağlı sözlərini şərh edən Peskov vurğulayıb ki, “bu məsələ (Vladimir Putin ilə Paşinyan arasında telefon danışığında - İF) müzakirə olunmayıb”. “Sülhməramlılarımız de-fakto və de-yure Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Paşinyan da etiraf edir”, - Kremlin nümayəndəsi əlavə edib. **