Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan XİN-ə istinadən məlumat verir.
“Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və hörmətə ədaslanan strateji ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri, gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur.
Nazirlər iki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə, o cümlədən parlament diplomatiyası istiqamətində ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların əhəmiyyətini vurğulayıblar.
Həmçinin, Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə çatdırılıb.
Bayramov Cilanini bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb.
Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklədiyini vurğulayıb.
Bayramov öz növbəsində qeyd edib ki, Bakı Ermənistanın 30 illik işğalı dövründə, habelə İkinci Qarabağ müharibəsi zamanı İslamabadın ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüşdə nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar. **
X.Nəsirzadə