Azərbaycan prezidenti İlham Əliyev Fransa rəhbərliyinin Cənubi Qafqazda yürütdüyü qeyri-konstruktiv və təxribatçı siyasətini sərt tənqid edib.
" Fransadan danışanda, bu ölkənin rəhbərliyinin 2020-ci ilin bütün dövründən başlayan və indi də davam edən qeyri-konstruktiv və təxribatçı rolunu da qeyd etmək istərdim. Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb", - Əliyev çərşənbə günü MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan öz ərazisində döyüşüb. "Biz separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil”, - o qeyd edib.
Bununla yanaşı, Əliyev Fransanın «qanlı müstəmləkə keçmişi olduğunu və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədiklərini” vurğulayıb. "Bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur", - Azərbaycan prezidenti əlavə edib. **
R.Əhmədov