Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş nazirinin Azərbaycan-Ermənistan sərhədinin “1975-ci il xəritəsi əsasında” delimitasiyasının zəruriliyi barədə səsləndirdiyi iddiaları məntiqə uyğun hesab etmir.
XİN-in şərhində vurğulanır ki,”keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur”.
“Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik”, - XİN-dən vurğulanır.
“Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir”, - nazirlikdən əlavə olunub.
XİN-də hesab edirlər ki, “Ermənistanın ərazi iddiaları səbəbindən bu günədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya etmədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.
Nazirliyin rəyinə görə, “oktyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan “Birinci kanal”a müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi bir sıra iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini açıq-aşkar göstərir”.
Həmçinin, XİN Ermənistanın “ölkəmizin 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə” guya Azərbaycanın hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi barədə Paşinyanın iddialarını yalanlayıb.
“Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib”, - bəyanatda deyiir.
XİN-də hesab edirlər ki, “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir”. **
R.Kərimov