2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 728,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,3% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,2% artıb.
İstifadə olunmuş vəsaitin 7 milyard 482 milyon manatı və ya 58,8%-i məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon manatı (36,2%-i) xidmət sahələrinə, 639,1 milyon manatı (5%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 889,2 milyon manatını və ya 22,7%-ni xarici investisiyalar, 9 milyard 839,7 milyon manatını və ya 77,3%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 293,3 milyon manatı və ya 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.**
B.Rüstəmbəyov