2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 min 731,9 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 23% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 min 28,1 kq gümüş (azalma 39,9%) hasil edilib.
Sentyabrda 356,2 kq qızıl (avqustda 193,7 kq) və 311,3 kq gümüş (avqustda 331,4 kq) hasil edilib.
1 oktyabr 2023-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 154,2 kq, gümüş ehtiyatının həcmi 66 kq təşkil edir.
Hazırda Azərbaycanda qiymətli metal hasilatı “AzerGold” QSC və Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən həyata keçirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. 2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir. Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.**
B.Rüstəmbəyov