2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2110 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 39,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261, martda 469, apreldə 334, mayda 323 ədəd, iyunda 162 ədəd, iyulda 122, avqustda 76 ədəd (2023-cü ilin əvvəlindən ən aşağı aylıq göstərici – İF), sentyabrda 168 avtomobil istehsal edilib.
1 oktyabr 2023-cü il tarixinə anbarlarda 497 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Yanvar-sentyabr aylarında Azərbaycanda 541 ədəd traktor (artım 10,6%) istehsal edilib. 2023-cü il oktyabrın 1-nə anbarlarda 12 ədəd traktor var.
Bundan başqa, yanvar-avqust aylarında 285 ədəd yük avtomobili (artım 13,5%) istehsal edilib. 2023-cü il oktyabrın 1-nə anbarlarda 9 ədəd yük avtomobili var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.**
B.Rüstəmbəyov