Azərbaycan yaxın zamanda RF, Qazaxıstan və Özbəkistanın ən iri kurortlarının daxil olduğu Avrasiya Dağ Kurortları Alyansına (ADKA) daxil olmaq niyyətindədir. Bu barədə “Roza Xutor” kurortunun baş direktorunun beynəlxalq münasibətlər və turizm üzrə müavini Sergey Xvorostyanıy çərşənbə günü Soçidə Turizm Əraziləri Forumunda məlumat verib.
«Yaxın gələcəkdə Rusiya, Qazaxıstan və Özbəkistanın ən böyük dağ kurortlarının birliyinə Azərbaycan qoşulacaq, korporativ universitet yaradılacaq, dövlətlərarası turizm marşrutu hazırlanacaq və beynəlxalq dağ kurortları festivalı təşkil ediləcək», - baş direktorun müavini bildirib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Soçidə Turizm Əraziləri Forumu çərçivəsində dağ kurortlarının beynəlxalq əməkdaşlığı müzakirə olunub. Bu mövzuda dəyirmi masada “Roza Xutor” (Rusiya), “Şımbulak” (Qazaxıstan), “Amirsoy” (Özbəkistan) və “Şahdağ” turizm mərkəzinin (Azərbaycan) nümayəndələri iştirak edəblər.
"Dağlıq ərazilər Qazaxıstan ərazisinin 10%-ni, Özbəkistanın 21%-ni, Rusiya Federasiyasının 53%-ni, Azərbaycanın 65%-ni əhatə edir. Bütün bunlar dağ turizminin inkişafı üçün zəmin yaradır, eyni zamanda beynəlxalq əməkdaşlıq uğurun açarıdır", - Xvorostyanıy qeyd edib.
“İnterfaks-Azərbaycan” vurğulayır ki, dövlətlərarası turizm marşrutunun yaradılması ADKA-nın fəaliyyətinin vacib mərhələsi olacaq. Alyansın açıqlıq prinsiplərinə riayət etdiyini nəzərə alsaq, Azərbaycanın “Şahdağ” kurortu onun növbəti iştirakçısı olmağı planlaşdırır.
«Şahdağ» kurortu Azərbaycanın ilk dağ kompleksidir. 2012-ci ildə yaradılıb. Bu günədək kurortda 30 kilometr yol yaradılıb, müxtəlif səviyyəli mehmanxanalarda 1200 yer fəaliyyət göstərir. 2023-ci ildə kurorta turist axını 200 min qonaq təşkil edib. “Şahdağ” Avrasiya Dağ Kurortları Alyansına üzv olmaq istəyini ifadə edib", - “Şahdağ” turizm mərkəzinin sədri Rüstəm Nəcəfov bildirib. **