Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Azərbaycanın Qarabağ regionunda vəziyyətə dair iddialarını pisləyib və rədd edib.
“Oktyabrın 11-də Fransanın Avropa və xarici işlər nazirinin Fransa Senatında çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik”, - Azərbaycan XİN-in bəyanatında deyilir.
Çərşənbə günü Kolonna bəyan edib ki, Qarabağ bölgəsini tərk edən ermənilərin Ermənistanda yerləşməsini guya Azərbaycan tərəfi planlaşdırıb.
“Fransa nazirinin səsləndirdiyi iddia Fransanın öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir”, - XİN qeyd edir.
Nazirlikdən bəyan ediblər ki, işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.
XİN-dən bildirilib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Parisin indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi “riyakarlıq nümunəsidir”.
“Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır. Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaq", - XİN-in bəyanatında deyilir. **
R.Əhmədov