“Bank Respublika” Asiya İnkişaf Bankı (AİB) ilə $20 milyon məbləğində kredit sazişi imzalayıb.
AİB qeyd edir ki, kredit vəsaiti manat ekvivalentində (34 milyon manat) veriləcək. Bank, həmçinin kreditin dəstəklənməsi üçün manatla istiqrazlar da buraxacaq.
“Kredit vəsaiti Azərbaycanda qadın sahibkarların, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsinə yönəldiləcək”, - deyə bankdan bildirilib.
“Kiçik və orta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorunda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40%-i qadınlara məxsusdur. “Bank Respublika” AİB-in çoxdankı və etibarlı tərəfdaşıdır və onun işi AİB-in ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır”, - deyə AİB-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeigan bildirib.
“Biz AİB-in uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhz “Bank Respublika” ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də “Bank Respublika”nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla da ölkədə sahibkarlığın inkişafına töhfə verəcək”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Layihə 2026-cı ilə qədər olan dövr üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsi “Bank Respublika”ya müştəri bazasını genişləndirməyə, borcalanların kredit vəsaitinə tələbatını ödəməyə imkan verəcək.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın beşinci bankıdır. Bankın səhmdarları sırasında “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT (4,25%) təmsil olunur. Bankın əsas səhmdarları iş adamı Natiq Quliyev və onun qohumlarıdır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,2 milyarddan artıq kredit və qrant ayırıb.*
X.Nəsirzadə