2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 4 milyard 539,6 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 457,3 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,5%, bitkiçilik məhsullarının istehsal həcmi 2,5% artıb.
Yanvar-sentyabr aylarında respublikada 424,5 min ton ət (artım 3,2%), 1 milyon 682,9 min ton süd (artım 1,7%), 1 milyard 662,7 milyon ədəd yumurta (artım 11,9%), 14,8 min ton yun (azalma 3%) və 357 ton barama (artım 4,6%) istehsal edilib.
1oktyabr 2023-cü il tarixinə Azərbaycanda qoyun və keçilərin sayı 7 milyon 223,2 min baş, iribuynuzlu mal-qaranın sayı 2 milyon 533,2 min baş, inək və camışların sayı 1 milyon 251,5 min baş təşkil edib. İnək və camışlar iribuynuzlu mal-qaranın 49,4%-ni təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müəssisələrində diri çəkidə 57,5 min ton quş əti (ötən illə müqayisədə azalma 2,9%) və 764,5 milyon ədəd yumurta (artım 27,5%) istehsal olunub.
Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11 milyon 523,5 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 194 ədəd yumurta alınıb.
DSK-nın məlumatına görə, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Bu ilin oktyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 100,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,7% çox dənli bitkilər, 981,9 min ton (3,9% az) kartof, 1 milyon 694,7 min ton (1,7% çox) tərəvəz, 437,6 min ton (6,2% az) bostan məhsulları, 787,1 min ton (2,8% çox) meyvə və giləmeyvə, 182,4 min ton (0,1% çox) üzüm, 962,3 ton yaşıl çay yarpağı (17,6% çox), 26,6 min ton günəbaxan (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə), 47,7 min ton (17,4% az) şəkər çuğunduru, 2,9 min ton (1,1% az) tütün, 14,3 min ton (63,1% az) pambıq yığılıb.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.*
X.Nəsirzadə