2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin sayı 36 min 31 nəfər və ya 0,4% artaraq 2023-cü il sentyabrın 1-nə 10 milyon 163,176 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-avqust aylarında ölkə üzrə 75 min 623 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 8,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,2 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,3%, qızların xüsusi çəkisi isə 46,7% olub. Körpələrin 2,288 mini əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.
Bu dövrdə 40,472 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 (2022-ci ilin yanvar-avqust aylarında 6,2 - İF) təşkil edib.
Cari ilin yanvar-avqust aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 33,836 min nikah (2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə azalma 16%) və 14,544 min boşanma halı (artım 40%) qeydə alınıb.*
X.Nəsirzadə