Cümə günü Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində (Qarabağ iqtisadi rayonu - İF) minalardan təmizlənməyən ərazidə “QAZel” markalı maşın və “KamAZ” tipli yük maşını minaya düşüb.
“İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Əbilov Famil həlak olub. “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Bayramov Namaz isə xəsarət alıb”, - Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2020-ci ilin noyabr ayından indiyədək İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində 331 nəfər Ermənistanın mina terrorunun qurbanı olub. Onlardan 64 nəfəri həlak olub.
Beləliklə, bugünkü insident nəzərə alınaraq, 333 Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanı olub, onardan 65 nəfəri həlak olub.
ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır. **
N.Abbasova