Sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin yanvar-sentyabr aylarında 13% artaraq $55 milyard 524 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.
“2023-cü ilin yanvar-sentyabr aylarında aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən, vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub”, - ARDNF-in məlumatında deyilir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in gəlirləri 14 milyard 878,3 milyon manat təşkil edib.
Bu dövr ərzində ARDNF-in mənfəət neftinin və qazın satışından gəlirləri 11 milyard 422,1 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 651,1 milyon manat təşkil edir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in xərcləri 3 milyard 587 milyon manat təşkil edib.
Xərclərin strukturunda 3 milyard 550 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 10,8 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 6,1 milyon manat yönəldilib.
ARDNF-in idarə edilməsi ilə bağlı inzibati xərclər 20,1 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 257,8 milyon manat təşkil edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova