2023-cü ilin yanvar-sentyabr ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 112,6 milyon manat ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
DVX-dən qeyd olunub ki, Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il oktyabrın 1-nə qədər www.edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1,2 milyarddan çox kassa çeki üzrə 474,1 milyon manat, bu ilin yanvar-avqust aylarında isə 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb.
Prezident İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala bilərlər.
ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 5%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 17,5%-ni təşkil edir.*
B.Rüstəmbəyov