İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 31 milyon 381,1 min manat məbləğində (2022-ci ilin 9 ayı ərzində - 23,2 milyon manat) ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DVX-dən məlumat verilib.
Dövlət Vergi Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi (2022-ci ilin 9 ayı ərzində - 435 cinayət işi) başlanılıb. Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb (2022-ci ilin 9 ayı ərzində - 132), 51 cinayət işi məhkəməyə göndərilib, istintaqı tamamlanmış 42 cinayət işindən 29 iş üzrə (2022-ci ili 9 ayında - 62) vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat məbləğində (2022-ci ilin 9 ayı ərzində - 11,9 milyon manat) vəsait ödənilib.
Cari ilin 9 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
DVX 2022-ci ildə vergi ödəməkdən yayınma faktları ilə bağlı cinayət işləri üzrə dövlət büdcəsinə 44,3 milyon manat məbləğində vəsaitin ödətdirilməsini təmin edib.**
B.Rüstəmbəyov