Azərbaycan 11-16 dekabr tarixlərində Türkiyəyə ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“Dekabrın 11-dən 16-dək Adana, Mərsin, İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq. Missiyaya Azərbaycanda qida və içki sənayesi, həmçinin tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri daxil olacaq”, - Agentlikdən qeyd edilib.
Şirkətlərdən sənədlər 27 oktyabr tarixinədək təqdim olunmalıdır.
Həmçinin, Agentlikdən məlumat verilib ki, ixrac missiyasında iştirak edəcək şirkətlər müsabiqə əsasında seçiləcək. Müsabiqə 10 noyabr tarixində təşkil olunacaq.
Seçim meyarları aşağıdakılardır: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı, nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması. **
N.Abbasova