Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının qətnaməsini və tövsiyyəsini şərh edib.
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 12 oktyabr tarixli 2517 (2023) saylı qətnaməsini və 2260 (2023) saylı tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayırıq”, - XİN-in məlumatında deyilir.
Qeyd edilib ki, bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir.
“AŞPA Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri tərəfindən təhlükəsizliyinə və ərazi bütövlüyünə əsas təhdidin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirləri alqışlamaq əvəzinə, əsassız şayiələrə və müəyyən dövlətlərin bölgəmizdə Azərbaycanı ləkələyən məkrli siyasətinə əsaslanan yanaşma nümayiş etdirməkdə davam edir”, - XİN-dən vurğulanıb.
Nazirlikdən bildirilir ki, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır.
“Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz”, - məlumatda vurğulanıb. **
V.Əliyev